Jurnalist Rasim Əliyevin ölümünə görə həkimlərdə ittiham olunur


Rəsul Yusifbəyli: «Onlar indiki halda, məsuliyyətdən kənarda saxlanıla bilərlər, amma Allahın cəzasından qurtara bilməyəcəklər»

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsinə görə həbs olunan beş nəfərin mühakiməsi dünən Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillərin çıxışı ilə davam edib. Çıxış edən vəkillərin hamısı jurnalistin ölümünə görə 1 saylı Kliniki Tibbi Mərkəzin həkimlərini ittiham ediblər. Qeyd ediblər ki, məhz onların səhlənkarlığı, baxımsızlığı nəticəsində Rasim Əliyev dünyasını dəyişib. Amma nədənsə, istintaq orqanı həkimləri məsuliyyətdən kənarda saxlamaq yolunu tutub. Ardınca məhkəmə də eyni cür davranıb. Hətta həkimlərin çağırılıb məhkəmədə dindirilməsi barədə vəsatətlər belə, təmin olunmayıb.

“Bu ölüm hadisəsi açıq-aşkar həkim məsuliyyətsizliyi nəticəsində baş verib. Əgər həkimlər də məsuliyyətə cəlb olunsaydı, burada oturanlara belə ağır ittiham verilməzdi. Xahiş edirəm, məhkəmə hökm çıxararkən həkimlərin əməlinə də hüquqi qiymət verilməli, onların məsuliyyətə cəlb olunması üçün materiallar prokurorluğa göndərilməlidir”, – deyə təqsirləndirilən şəxslərdən Arif Əliyevin vəkili Fəxrəddin Əliyev çıxışında bildirib.

Bu iş üzrə istintaqın çoxsaylı qanun pozuntuları ilə aparıldığını deyən vəkilin sözlərinə görə, müstəntiq bir ifadəni yazıb, sonra hərf səhvlərini belə düzəltmədən, nöqtə-vergülünə qədər tam köçürməklə yeni ifadələr kimi təqdim edib. Müdafiəçi deyir ki, məhkəmə də gözləntiləri doğrultmayıb: “Məhkəmə də ədalətli keçirilmədi, vəsatətlərimizin heç biri təmin olunmadı”.

Prokurorun təqsirləndirilən şəxslərə onlara verilən maddədə nəzərdə tutulmuş ən ağır cəzanı istədiyini yada salan vəkilin sözlərinə görə, bu da qərəzdən irəli gəlir.

Vəkil müdafiə etdiyi şəxsə CM-nin 177-ci (oğurluq) maddəsilə bəraət verilməsini istəyib. Qeyd edib ki, Arif Əliyevin davadan sonra mərhum jurnalistin telefonunu oğurlaması barədə deyilənlər yalandır.

Təqsirləndirilən Samir Mustafayevin vəkilləri Ruslan Həsənov və Bəxtiyar Hacıyev isə onun Rasim Əliyevin döyülməsində heç bir günahı olmadığını bildiriblər. Vəkillər Samir Mustafayev barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

“Istintaq orqanı materialları özünə sərf eləyən qaydada təhrif edib. Rasim Əliyevin ölümündə Samir Mustafayevin nə günahı var? Rasimə əl verib yerdən qaldırmaq da cinayətdir? Samir Mustafayevə qarşı ittiham məhkəmədə sübuta yetirilmədi”, – deyə Ruslan Həsənov bildirib.

Bəxtiyar Hacıyev qeyd edib ki, istintaq orqanı bu işdə keyfiyyətə yox, kəmiyyətə, yəni daha çox adamı həbs eləməyə üstünlük verib: “Cinayət törətməmiş adamlar da məsuliyyətə cəlb olunub”.

Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli də Rasim Əliyevin həkimlərin təqsiri üzündən dünyasını dəyişdiyini bildirib: “Həkimlərin səhlənkarlığı, saxtakarlığı nəticəsində Cinayət Məcəlləsinin 142-ci (xəstəyə kömək göstərməmə) maddəsində nəzərdə tutulan cinayət baş verib. Onlar indiki halda, cinayət məsuliyyətindən kənarda saxlanıla bilərlər, amma Allahın cəzasından qurtara bilməyəcəklər. Hansı tərəfdən baxsan, bu ölüm hadisəsi həkim səhlənkarlığı nəticəsində baş verib. Əgər Rasim Əliyevin vəziyyəti ağır olubsa, o, niyə dərhal reanimasiyaya yerləşdirilməyib, 6-7 saat palatada saxlanılıb? Həkimlərin məsuliyyəti məsələsində zərərçəkmişlərlə təqsirləndirilən tərəfin mövqeyi üst-üstə düşür. Amma təəssüf ki, həkimlərin məsuliyyətə cəlb olunması, heç olmasa, çağırılıb məhkəmədə dindirilməsi barədə çoxsaylı vəsatətlərimizin heç biri təmin olunmadı”.

Rəsul Yusifbəyli hüquqlarını müdafiə etdiyi şəxsin Rasim Əliyevi döymədiyini, onun mərhum jurnalistlə təmasda olmadığını təsdiqləyən ekspert rəyinin mövcud olduğunu qeyd edərək, Kənan Mədətovun əməlinin CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsinə tövsif olunmasını istəyib.

Məhkəmə prosesi martın 10-da davam edəcək.

Rasim Əliyev “facebook”da futbolçu Cavid Hüseynov barədə status yazandan sonra avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu iş üzrə altı nəfər həbs olunub, onlardan beşinin məhkəməsi yekunlaşmaq üzrədir. Prokuror bu beş nəfərdən Elşən Ismayılov və Arif Əliyevə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevə isə 11 il 6 ay həbs cəzası istəyib. Futbolçunun barəsində cinayət işi ayrılıb. O, CM-nin 307.1 (cinayəti bilib xəbər verməmə) maddəsilə ittiham olunur və işinə hazırda Səbail Rayon Məhkəməsində baxılır.