Manat Ucuzlaşmaqda davam edir


  
Azərbaycan Mərkəzi Bankı (AMB) 5-7 mart tarixlərinə milli valyutanın – manatın dollara nisbətdə məzənnəsini 1.6105 manata qədər ucuzlaşdırıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Martın 4-də dolların məzənnəsi $1=1.6019 manat təşkil edib. Beləliklə, bir gündə manat dollara nisbətdə daha 0.86 qəpik ucuzlaşıb.
Həftənin əvvəlindən manat 5 qəpik, yəni 3%-dən çox ucuzlaşıb.
Azərbaycan Mərkəzi Bankının bu gün təşkil etdiyi valyuta hərracında baş tənzimləyici iştirak etməyib.
Dövlət Neft Fondunun məlumatına görə, $100 mln vəsait onun tərəfindən ayrılıb.
Hərracda 26 kommersiya bankı iştirak edib və bəyan edilən həcmin hamısını alıb. ARDNF xarici valyuta ayrılmasını dövlət büdcəsinə 7 mlrd 615 mln manat transfert çərçivəsində həyata keçirir.
Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları isə 2016-cı ilin fevral ayı ərzində 372,2 mln. ABŞ dolları və ya 8,46% azalaraq martın 1-nə 4 026,3 mln dollar təşkil edib.
Report agentliyi AMB-yə istinadən bildirir ki, valyuta ehtiyatlarında keçən ilin analoji dövrü ilə müqayisədə 63,41% və ya 6 978,1 mln. dollar azalma müşahidə olunub.
2015-ci il martın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 11 004,4 mln. dollar təşkil edib. Martdan azalmağa başlayan ehtiyatlar aprelin 1-nə 9 472,1 mln. dollar, mayın 1-nə 8 387,9 mln. dollar, iyunun 1-nə 8 430,8 mln. dollar olub. İyunda nisbətən artan valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8 520,2 mln. dollara qalxsa da, daha sonra, iyul-avqust aylarında azalma davam edib. Ehtiyatların həcmi avqustun 1-nə 8 501,5 mln. dollara, sentyabrın 1-nə 7 315,4 mln. dollara, oktyabrın 1-nə 7 044,2 mln. dollara, noyabrın 1-nə 6 834,6 mln. dollara, dekabrın 1-nə 6 245,6 mln. dollara, bu ilin yanvarın 1-nə 5 016,7 mln. dollara, fevralın 1-nə isə 4 398,5 mln. dollara enib.
Azərbaycan əhalisinin bank sektorunda yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-ci ilin yanvar ayı ərzində 830,6 mln. manat və ya 8,76% azalaraq 2016-cı il fevralın 1-nə 8 643,3 mln. manat təşkil edib.
Report bildirir ki, əhalinin xarici valyutada olan əmanətləri dekabrda baş verən devalvasiya nəticəsində artsa da, yanvarda yenidən əmanətlərin azalması tendensiyası davam edib.