21 beynəlxalq təşkilat bütün siyasi məhbusların azad edilməsinə çağırır


”Biz bu şəxslərin azadlığa buraxılması barədə məlumatlardan rahatlıq duyuruq, lakin bu 15 nəfərin heç bir həbs olunmamalıydı”

21 beynəlxalq hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinə çağırıb.

“Turan İA”ə daxil olan bəyanatda hüquq müdafiəçiləri, jurnalistlər, blogerlər və fəallar daxil olmaqla 15 siyasi məhbusun azad edilməsindən razılıq ifadə olunur. Onların arasında Rəsul Cəfərov, Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Taleh Xasməmmədov, Anar Məmmədli, Rəşadət Axundov, Məhəmməd Əzizov, Rəşad Həsənov, Sirac Kərimli, Ömər Məmmədov, Nemət Pənahlı, Yadigar Sadıqov, həmçinin keçmiş dövlət məmuru Akif Muradverdyev var.

Daha bir siyasi məhbus, jurnalist Rauf Mirqədirov isə martın 17-də Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib.

“Biz bu şəxslərin azadlığa buraxılması barədə məlumatlardan rahatlıq duyuruq, lakin bu 15 nəfərin heç bir həbs olunmamalıydı. Bundan əlavə, onlarla adam hələ həbsdədir. Onlar azad edilməlidir və bu siyasi motivli həbslərə son qoyulmalıdır”, – “Hüquqlar naminə idman” kampaniyasının koordinatoru Rebekka Vinsent bildirib.

“Bundan əlavə, onlarla digər siyasi məhbus, o cümlədən jurnalistlər Xədicə İsmayılova, Seymur Həzi, vəkil İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının lideri İlqar Məmmədov həbsdədir. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun azadlığa buraxılmasını tələb edib.

Biz beynəlxalq ictimaiyyəti ilk növbədə digər siyasi məhbusların azadlığa buraxılmasına,  həmçinin Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyətin yaxşılaşdırılması üçün gələcək islahatlara təkid etməyə çağırırıq”, – bəyanatda vurğulanır.

Sənədi imzalayanlar:

Article  19,

Civil Rights Defenders

Committee to Protect Journalists

Freedom Now

Front Line Defenders

Helsinki Foundation for Human Rights

Human Rights House Foundation

Index on Censorship

Institute for Reporters’ Freedom and Safety

International Federation for Human Rights (FIDH)

International Media Support

International Partnership for Human Rights

NESEHNUTI

Netherlands Helsinki Committee

Norwegian Helsinki Committee

PEN America

People in Need

Platform

Polish Green Network

Reporters Without Borders

World Organisation Against Torture (OMCT).