Naxçıvanın milli təhlükəsizlik naziri həbs olundu


  

Vəli Ələsgərovun Eldar Mahmudovla əlaqələrə görə həbs olunduğu, onun işgəncə altında və vəkilsiz saxlanıldığı bildirilir
Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov həbs olunub. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Vəli Ələsgərovun barəsində martın 7-də həbs-qətimkan tədbiri seçilib. O, hazırda Naxçıvanda istintaq təcridxanasında saxlanılır. İstintaqı isə Naxçıvan MR prokurorluğu aparır.

 Keçmiş nazirə qarşı CM-nin 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürüldüyünü deyən mənbə onu da qeyd edir ki, Vəli Ələsgərova qarşı xüsusi qəddar münasibət nümayiş etdirilir. “Onun üzərindəki işgəncə izləri uzun müddət getməyib. Onun həbsindən dərhal sonra 50-yə qədər qohumu işdən çıxarılıb.

Hətta avtobus sürücüsü işləyən bibisi oğlunu da işdən uzaqlaşdırıblar. Hətta prezidentin ona verdiyi Bakıdakı evi də əlindən alıblar”, – deyə mənbə bildirib. Məlumata görə, Vəli Ələsgərov vəkilsiz saxlanılır. Keçmiş nazirin həbsinin əsl səbəbinə gəlincə, mənbə bildirir ki, müvafiq dairələrə onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqədə olması barədə məlumatlar ötürülüb.

 Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun ötən il dekabrın 18-də imzaladığı sərəncamla Vəli Ələsgərovu vəzifəsindən uzaqlaşdıraraq, əvəzinə qudası Fazil Ələkbərovu təyin etmişdi. Buna qədər Fazil Ələkbərov Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin rəisi olmuşdu.