Pasportu qaytarılan Əkrəm Əylisli: “Xalqıma xəyanət etməmişəm


Yazıçı Əkrəm Əylisli ölkədən çıxışına qoyulan qadağa və ictimai-siyasi proseslər barədə Cebhe.info-ya danışıb.

Müsahibəsində Əkrəm Əylisli martın 30-da Azərbaycandan gedərkən hava limanında saxlanılmasının birmənalı olmadığını deyib.

– Əkrəm bəy, ölkədən niyə çıxa bilmirsiz, kimdir sizə əngəl yaradan?

– Bunu bilsəydim, münəccim olardım. Bunu açıq formada demirlər. Mən hava limanında xeyli gözlədim, gördüm ki, əngəl yaradırlar, çıxmağım qarşısında mane var.

– Aeroport işçilərinə söz atdığınız deyilir, bu doğrudur?

– Söz atmışam? Bu, mənim yaşıma yaraşmır. Mənim onlara qarşı nifrətim, pis münasibətim ola bilməz. Mənim onlarla heç bir münaqişəm yoxdur, güldən ağır söz deməmişəm. Onların məni saxlamaq ixtiyarları yoxdur. Deyirlər ki, guya polisə kobudluq etmişəm, bu belə deyil. Saxlamaq üçün bu səbəb deyil axı. Dünən aeroportda pasportumu aldılar. Bu gün çağırıb pasportu veriblər. Onu da gözləyirəm ki, bir gün çağırıb deyəcəklər ki, pasportunda xətalar var. Bu bir pasport məsələsi deyil.

– Sizcə, sizə qarşı olanlar “Daş yuxular”a görə…

– “Daş yuxular” artıq siyasətdən uzaqlaşmış bir əsərdir. Bu əsər bədii məsuliyyəti və bədii taleyini yaşayır. Nəşriyyatlar əsərləri siyasi məsələ kimi nəşr etmirlər. Sadəcə özləri üçün maraqlı olan kitabları bədii əsər kimi çap edirlər. Əgər kimlərsə hansısa bir əsəri siyasi məsələ kimi dəyərləndirib nəşr etmirsə, bu, siyasi məqsədlərdən uzaq bir məsələdir.

– Əkrəm bəy, bizdə milli ruh o qədər güclü idi ki, sizi “Daş yuxular”a görə “daş”a basdılar?

– Bir şeyə arxayınam ki, mən xalqımı sevirəm, mən bu xalqa ömrü boyu xəyanət etməmişəm, xəyanət edə bilmərəm. Bu, mənim əxlaqımdır, bu, mənim yaddaşımdır.

– Ölkədə baş verən ictimai-siyasi proseslər barədə fikirləriniz nədir, hara gedirik?

– İstəyərdim ki, yaxşı tərəfə getsin. Bütün həyatımı da buna sərf etmişəm. Lakin görünür ki, Azərbaycanın yaxşı yolunu istəməyənlər kifayət qədərdir. Onlar hakimiyyətin içində olanda, bu, adama daha çox pis təsir edir. Bir də var müxalifət. Bu hakimiyyətə əks mövqedə dayanış siyasi mövqedir. Müxalifətin də prinsipial mövqeyi hakimiyyəti dəyişməkdir. Amma yazıçının mövqeyi xeyli fərqlidir.