Razi Nurullayev: “İcra başçıları öz yarıtmazlıqlarını daş hasarlarla ört-basdır edirlər” — Videomüsahibə


Razi Nurullayev: "İcra başçıları öz yarıtmazlıqlarını daş hasarlarla ört-basdır edirlər" —  Videomüsahibə

Prezident İlham Əliyev mətbuatda və sosial şəbəkələrdə tənqid atəşinə tutulan 4 icra başçısını vəzifəsindən azad etdi.

Yerlərdə icra başçılarının özbaşınalıqları, özlərini şah kimi aparması barədə mətbuatda illərdir yazılır. Son zamanlar parlament səviyyəsində belə icra hakimiyyətləri sisteminin ləğv edilməsi barədə təkliflər irəli sürülüb və fikirlər səsləndirilib.

İcra başçılarının özbaşınalıqları və onlara nəzarət barədə AXCP sədri Razi Nurullayev Ölkə.Az-a danışıb:

“Təbii ki, qüsurlu icra başçılarının vəzifədən uzaqlaşdırılması müsbət haldır. Ancaq Azərbaycanda bunu çıxış yolu kimi görmürəm. Məsələ tək icra başçısında və icra başçısının strukturunda deyil, məsələ ümumilikdə sistemdədir.

İcra başçısı ya kiminsə adamı olduğuna, ya da çoxlu pulu olduğuna görə vəzifəyə qoyulursa, orada iş getməyəcək. Bu gün xaricdə kifayət qədər təhsil alan gənclərimiz var. Dövlət öz büdcəsinin, xalqın vergisinin pulu ilə onları oxudub. Onların bir çoxu xarici şirkətlərdə işləyir, müəllimlik edir, bir hissəsi isə Azərbaycana qayıtmır. Əgər onların potensialından istifadə olunmayacaqsa, bu qədər vəsait onların təhsil almasına niyə görə xərclənirdi? Xaricdə oxuyan azərbaycanlılar bir müddət xaricdə yaşayıb, oranın təcrübəsini görüblər və hesab edirəm ki, onlardan ölkəmizdə istifadə etmək olar.

Ölkə prezidenti İlham Əliyev göstəriş verib ki, hər bir icra başçısına Roma, Madrid, Berlin, London, Paris kimi şəhərləri göstərmək lazımdır. Onlar o şəhərlərdə arxitekturanı, sistemi görsünlər, gəlib gördüklərini öz rayonlarında tətbiq etsinlər. İcra başçıları bir həftəlik, 10 günlük turist kimi gedirlər o şəhərlərə, yaxşı yeyib-içirlər, bir az da kökəlib, alış-veriş edib Azərbaycana qayıdırlar.

İcra başçıları artıq rayonları daşlarla hasarlamağa başlayıblar və bu yolla büdcədən pul silirlər. İcra başçıları özlərinin yartmazlıqlarını bu daş hasarlarla hasarlayaraq ört-basdır etmək istəyirlər”.

Ölkə.Az Razi Nurullayevin icra başçıları ilə bağlı geniş videomüsahibəsini sizə təqdim edir: