Yaxşı hərbi texnikamız olsaydı, yaralanmazdıq


“Yaxşı hərbi texnikamız olsaydı, yaralanmazdıq”
Aprelin əvvəlində baş vermiş hərbi toqquşmalar zamanı yaralanmış əsgərlər və könüllülər deyirlər ki, daha yaxşı hərbi texnikaya malik olsaydılar nə döyüş yoldaşlarını itirər, nə də özləri yaralanardılar. Hazırda xəstəxanada müalicə alan 19 yaşlı hərbi qulluqçu Mikayel Saakyanın sözlərinə görə, aprelin 3-də onları Cəbrayıldakı mövqelərə göndəriblər. Hazırda hərbi hospitala yerləşdirilən Saakyan da məhz elə orada yaralanıb.

Əsgərin jurnalistə dediklərindən: “Sərhədlərimizi daha önə aparacaqdıq. Amma müdafiə oluna bilmədik. Silah-sursatımız az idi. Düşmənin çox yaxşı hərbi texnikası var. Ancaq erməni ruhu başqa şeydi. Erməni ruhu hər şeyə qadirdir”.

Müalicədə alan 22 yaşlı digər yaralı əsgər Tatul Tsadryan isə cəbhəyə Qapandan könüllü kimi yollanıb. O, ağ ciyərindən, ayağından və çənəsindən yaralanıb. Tsadryan da hərbi texnika çatışmazlığından danışır: “Əgər o gün yaxşı silahlarımız olsaydı, düşmənin mövqelərinə hücum edər, yaralanmazdıq. Belə olsaydı, biz yox, onlar daha çox zərər görərdilər”.

Jurnalistin “konkret hansı hərbi texnika çatışmırdı?” yaralı əsgərin cavabı belə olub: “Artilleriya yaxşı işləsəydi, daha yaxşı olardı”.

Tsadryan aprelin 2-si Xocavənddə olduğunu, aprelin 5-də yaralandığını bildirir. “Mən Qapanın könüllü dəstəsindənəm. Qrup halında döyüşə yollanmışdıq. Elə ora getdiyimiz gün atışma başladı. Düşmən daha çox havadan hücum edirdi”, – deyə o, qeyd edib.

Ön cəbhədə xidmət edən “Azadlıq döyüşçüləri ittifaqı”nın üzvü, ehtiyatda olan general Qaqik Melkonyan da əsgərlərin fikirlərilə razıdır. O da hesab edir ki, Ermənistan son illərdə müasir silahlar alsaydı, bu cür itkilərdən qaçmaq olardı.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan ötən həftə Respublikaçılar Partiyasının iclasından sonra verdiyi açıqlamasında erməni tərəfinin lazımi hərbi texnikaya malik olduğunu söyləmişdi: “Bizim əlimizdə olan bütün texnika, ehtiyyat lazımi səviyyədədir. Bu günlərdə baş vermiş hərbi əməliyyatlar zamanı düşmənin atəş zərbəsinə və digər əməliyyatlarına qarşı müdafiəni bacardığımız qədər təmin etmişik”.

Qaqik Melkonyan isə fikrini belə davam etdirib: “4-5 ildir düşmənimiz deyir ki, “biz silahlanmışıq və Qarabağı müharibə ilə geri almalıyıq”. Odur ki, biz buna 5 il əvvəldən hazır olmalı idik. Bəs niyə hazır deyildik? Bu sualı müdafiə nazirinə, hökumətə vermək lazımdır. Onlardan soruşmaq lazımdır ki, ordu niyə lazımi səviyyədə maliyyələşdirilməyib? Yox, maliyyələşdirmisinizsə, hanı? İndi bu insanlara bu sualların ünvanlanmasının tam vaxtıdır. Qoy cavab versinlər. Həlak olmuş insanlara görə onların hər biri cavab verməlidir”.

Mənbə: Azatutyun